AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspress marşrutlar vasitəsilə yerinə yetiriləcək.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, plana uyğun olaraq X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından – Dilarə Əliyeva küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. İyunun 16-da oyunun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspress xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.
Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.
Xaricdən gələn azarkeşlərin daşınması da ekspress xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi-“Dəniz Mall”-un qarşısı və əks istiqamətdə daşınacaq.
Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.
Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.