Türkiyədə konsert verən Mətanət İsgəndərlidən açıqlama: “Mən orada…backend

Oktyabrın 24-də Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert verməklə ictimaiyyətin qəzəbinə tuş gələn Əməkdar artist Mətanət İskəndərli, nəhayət ki, açıqlama verib.

“Yeni Gündəm” xəbər verir ki, Əməkdar artist Bakıya döndükdən sonra öz “İnstagram” səhifəsində videomüraciət yayıb.

Müğənni həmin konsertin Qarabağa həsr olunmuş tədbir olduğunu deyib:

“Mən orada yalnız vətənpərvər mahnılar ifa etmişəm, Türkiyədə yaşayan azərbaycanlıları, türkiyəli qardaşlarımızı birliyə səsləmişəm, necə ki, hər zaman bir olmuşuq. Həmçinin şəhidlərimizi yad etmişik, Azərbaycanın və Türkiyənin bayrağını qaldırmışıq. Ora gələn insanlar vətən həsrətli insanlar idi. Aralarında şəhid, milli qəhrəman ailəsinin üzvləri də var idi. Həmin məkanın sahibi şəhid qardaşıdır”.

Mətanət İskəndərli qeyd edib ki, konsertdən yığılan vəsaitdən Azərbaycan Ordusuna ianə edilib:

“Bizim Ordumuzun, dövlətimizin heç nəyə ehtiyacı yoxdur. Amma bu, içimizdən gələn bir istək idi”.

Müğənni qalmaqallı konsert ilə bağlı yayılan məlumatları da qınayıb:

“Bizə belə söhbətlər yaraşmaz. Biz hamımız yumruq kimi birləşməli, fikrimiz, zikrimiz əsgərlərimizin yanında olmalıdır. Mənim də silahım nəğmələrimdir. Allah hər kəsə bi iş həvalə edir. Biz müğənnilərin də işi vətənpərvərlik mahnıları ilə insanları ruhlandırmaqdır. Mən də bu vəzifəni layiqincə yerinə yetirirəm. Qələbə konsertləri ilə görüşmək ümidi ilə”.

Qeyd edək ki, Əməkdar artist Mətanət İskəndərlinin bu açıqlaması da izləyicilər tərəfindən səmimi qarşılanmayıb. Bəzi həmkarları xoş sözlər yazsalar da, əksər izləyicilər “Şəhidləri oxumaqla, oynamaqla yad edirsiniz?” deyə şərhlər bildiriblər.

Xatırladaq ki, çoxsaylı tənqidlərdən sonra adıçəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.Musavat.com