Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransa TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, prfessor Erhan Özdən, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov, Qazaxıstan T.Jurgenov adına Qazax Milli Rəssamlıq Akademiyasının rektoru Arman Zhudebaev və Qırğız Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tumonbəy Koldoşov qatılıblar.
Mətbuat konfransında TÜRKSOY-un teatr sahəsindəki önəmli fəaliyyətini vurğulayan S.Rayev“Türk dünyası Sənət Universitetləri Birliyi”ninqurulmasının, eləcə də keçirilən festivalın məqsədinin gənclərə dəstək vermək olduğunu diqqətə çatdırıb, bu cür tədbirlərin gənclər arasında əlaqələrin intensivləşməsinə töhfə verdiyini qeyd edib.
Birliyin cəmi 2 il öncə yaradılmağına baxmayaraq, çox önəmli layihələrə imza atdığını deyən Baş katib növbəti gün keçiriləcək rektorlar görüşündə tələbələr üçün təqaüd proqramları, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları kimi məsələlərin dəyərləndiriləcəyini nəzərə çatdırıb.
Verilən suala cavab olaraq TÜRKSOY-un baş katibi Sultan Rayev Qarabağ və Şuşa ilə bağlı da rəhbəri olduğu təşkilatın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə çox önəmli layihələr, tədbirlər həyata keçirdiyini nəzərə çatdırıb. Deyib ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşa hər zaman TÜRKSOY üçün ön planda olacaq və Türk dünyasının görüş yeri kimi qalacaq.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova universitetin keçirdiyi önəmli tədbirlərdən və layihələrdən bəhs edib. Qeyd edib ki, “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı universitet üçün böyük əhəmiyyət kəsb edir.
Konfransda rektorlar ölkələri və rəhbərlik etdikləri universitetlərlə bağlı verilən sualları cavablandırıblar.