Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birliyinə nail oldu – Deputatbackend

Xalqımızın birliyi, həmrəyliyi hər zaman dünyaya örnək olub. Ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq məsələsində bir yumruq ətrafında birləşməyi bacarıb. Ötən əsrin 80-ci illərindən başladılan milli-azadlıq hərəkatı Azərbaycan xalqının əzminin göstəricisi idi. Xalqımız II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib tarix yazdı.

“Yeni Gundem” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, 1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdi: “Ulu Öndər Heydər Əliyev 20 yanvar hadisələrinin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirib. Məhz ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərdi. Bütün çətinliklərə və təhlükələrə rəğmən Ulu Öndər Heydər Əliyevin o dövr cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırması, günahkarların cəzalanmasını tələb etməsi olduqca önəmli idi. Bu həmçinin bu böyük cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin o vaxt verdiyi bəyanatlar xalqımıza böyük ümidlər yaratmışdı. Bu dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.

Deputat bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, birlik və həmrəylik yaratmaq üçün mühüm önəm kəsb edir: “Sözsüz ki, dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən zərurətə, mənəvi ehtiyaca çevrilib. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birliyinə nail oldu. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına bu amil müsbət təsir göstərdi. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Daha sonra isə həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olundu. Atılan bu addımlar dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinə müsbət təsir göstərdi”.

Millət vəkili ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamlarının hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildiyini söyləyib: “Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamı və həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində bu amil əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə hesablanıb. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” deyimi milli həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət edib”.

Məlahət İbrahimqızı ötən il Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının xalqımızın tarixində mühüm hadisə olduğunu deyib: “Çünki tarixi Qələbədən sonra Azərbaycana, dövlətimizə, xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da güclənməlidir. Bu bir reallıqdır ki, bu gün 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşib. Sözsüz ki, 2023-cü il ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu tarix ölkəmizin həyatında çox mühüm hadisələrlə yadda qaldı. Təbii ki, ulu öndər Heydər Əliyev ilində dahi liderin zəngin həyat və təcrübəsi, misilsiz siyasi irsi, azərbaycançılıq fəlsəfəsi, məfkurəsinin təbliği ilə bağlı vacib tədbirlər, görüşlər keçirilib. 2023-cü il həmçinin tariximizə şanlı günlər kimi düşdü. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Həmçinin bu il 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilmiş mesajlar bu il yaddaşlara həkk olunan tarixi hadisələrdən biri idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün böyük qürur idi”.