“Ulu Öndər Heydər Əliyev xalqın ümid yerinə çevrilmişdi” – Bəhruz Məhərrəmovbackend

“Bu gün Azərbaycan dövlətçiliyi dedikdə ilk ağıla gələn sima Ulu Öndər Heydər Əliyevdir. Onun zəngin siyasi irsi, müasir dövlətçiliyin banisi kimi adı Azərbaycan üçün olduğu qədər siyasətdən tamamilə kənar ən sadə azərbaycanlı üçün də önəmli və əzizdir. Bu gün milli təfəkkürə və sağlam düşüncəyə malik elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin və əslində Heydər Əliyev fenomenini xalqın Öndərinə çevirən, yaddaşlarda yaşadan amillərdən biri də məhz budur”.

Bu sözləri açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə, məlumdur ki, Heydər Əliyevin adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb. Təsadüfi deyildi ki, O, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum – təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan DTK yalnız SSRİ maraqlarının yox, həm də Azərbaycanın milli maraqlarının keşikçisi və müdafiəçisinə çevrildi. Yüzlərlə ziyalı məhv edilməkdən qurtuldu, milli təfəkkürlü minlərlə məfkurə daşıyıcısı yetişdi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nın himayəsində təşəkkül tapmağa başladı. Heydər Əliyev hələ Təhlükəsizlik Komitəsinin rəhbəri olarkən bütün varlığı ilə güc və imkanlarını milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılmasına sərf etmişdi. Məsələn, bu gün bəzən həmin tarixi-siyasi prosesləri ayrı-ayrı şəxslərin adı ilə bağlamaq cəhdləri var, amma unutmaq olmaz ki, uzun illərdən sonra Novruz bayramı dövlət səviyyəsində 1967-ci ildə, Respublikaya yox, birbaşa Moskvaya tabe olan Azərbaycan DTK-nın sədri, general Heydər Əliyevin razılığı olmadan ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilə bilməzdi. Bu baxımdan Ulu Öndər hələ ölkəyə rəhbərlik etməyə başlamadan artıq xalqın ümid yerinə çevrilmişdi.

1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan KPMK-nın birinci katibi kimi fəaliyyətə başlaması isə bütövlükdə Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə çox daha müstəqil idi. Məsələn, Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi və bununla da Heydər Əliyev “dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?” sualına cavab verməyi bacaran ilk və son lider oldu. Bu mənada, əminliklə deyə bilərik ki, Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir.

Təsadüfi deyil ki, Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə olan inamının itməsinə səbəb oldu ki, müasir müstəqillik yolu da məhz bu nöqtədən başlanır. Məlumdur ki, 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi və hərəkat xüsusi xidmət orqanlarənın nəzarətinə keçənə və süni qəhramanlar meydana çıxana qədər bu belə davam etdi.