Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıbbackend

Bu müqavilə qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Ölkənin iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə 30-dan çox saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub.

Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı”nın imzalandığını deyən Prezident İlham Əliyev bildirib ki, bununla Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranıb: “Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır.

Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.

Beləliklə, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyub. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

Məhərrəmova Nərmin

Nəsimi rayon sakini