Vanqanın TÜKÜRPƏDİCİ 2023 proqnozu: FƏLAKƏT qapıda – Tanınmış astroloq DANIŞDIbackend

Proqnozları hər zaman böyük maraqla qarşılanan Vanqanın 2023-cü illə bağlı dedikləri yenidən müzakirə mövzusu olub. Bu dəfə “New York Post” qəzetində Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı fikirləri yer alıb.

Sözügedən xəbər qısa zamanda nəşrin ən çox oxunan materialı olub. Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Kahinin 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini vurğulayan qəzet onun “Asiyanın üzərinə çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Qeyd olunub ki, Vanqanın proqnozlarına əsasən, güclü dövlətlərdən birinin istifadə edəcəyi silah dünyanı təhlükəyə atacaq. Bu proqnozun yenidən gündəmə gəlməsinə səbəb isə Ukraynada partladılmış Kaxovka SES-i olub.

“New York Post” qeyd edib ki, bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Nəşrin məlumatına görə, sözügedən hadisə ilə nüvə fəlakəti ehtimalı artıb.

Bəs azərbaycanlı astroloqlar Vanqanın təxminlərini bölüşürlərmi? Onlar Vanqanın öngörmələrini necə qiymətləndirirlər?

“Yeni Gundem” bildirir ki, məsələ ilə bağlı tanınmış astroloq Səbuhi Rəhimli musavat.com-a danışıb:

“Öncə nəzər salmaq lazımdır ki, yayılan bu məlumatların mənbəyi haradandır? Çünki Vanqanın, Nostradamusun və digər tarixi öncəgörənlərin adından zaman-zaman istifadə olunub. Hər zaman heç bir mənbə göstərmədən belə proqnozlar yayıb, insanları sadəcə təlaşda saxlamaq istəyiblər. Sanki hansısa qüvvə medianın əli ilə insanları qorxulu proqnozlar içərisində saxlamaq istəyir”.

Səbuhi Rəhimli daha öncə də bu cür proqnozların yayıldığını xatırladıb:

“21 dekabr 2012-ci ildə də dedilər ki, “Nostradamus, Vanqa bu tarixi göstərib, bütün apokalipsis mənbələrində bildirilib, həmin vaxt dünya dağılacaq”. Biz təkzib etdik, bir mənbə istədik, amma mənbə olmadı. Əlbəttə, heç nə baş vermədi. Sonra dedilər ki, dünyanın dağılması 21 dekabr 2012-ci ildə deyil, 16 fevral 2013-cü ildə olacaq və yenə də insanlar təlaşa düşdülər. Daha sonra isə bunun noyabrda baş verəcəyini dedilər və sairə.

Bu gün də müharibədir, əlbəttə ki, hansısa hərbi hadisələr baş verə bilər. Amma “bunu Vanqa, Nostradamus deyib” fikirlərinin ortalığa atılması hesab edirəm ki, məqsədli şəkildədir, başqa nələrəsə xidmət edir.

Ümumiyyətlə, hər il mediada bu cür informasiyalar yayılır, amma heç biri baş vermir. Sonuncu olaraq, Kahramanmaraşda zəlzələ baş verəndə dedilər ki, bu, hələ başlanğıcdır, mart-apreldə İzmirdə, İstanbulda daha dəhşətli zəlzələlər baş verəcək.

Bilmirəm, bunu hansı hesabla deyirdilər, amma yenə də heç nə olmadı. Maraqlısı budur ki, insanları qorxuda saxlayıb, onların köçməsinə səbəb olan proqnozlar verib, qaçan adamların yaxasından tutan yoxdur, nə hüquq-mühafizə, nə də media müstəvisində.

Ola bilsin ki, mənim bu fikirlərim yenə də bəyənilməyəcək, çünki insanlar daha qorxulu, təlaşlı informasiyalar istəyirlər. Yəni nə Vanqanın, nə də Nostradamusun belə bir proqnozu var.

Bəzən deyirlər ki, Vanqa bürc proqnozu verib, amma onun ümumiyyətlə astrologiya, bürclərlə bağlı anlayışı olmayıb. Həmçinin Nostradamus bürc proqnozu verməyib. Hətta həmyerlimiz Zirəddin Rzayevin adından da bürc proqnozu verirlər, halbuki özü dəfələrlə açıqlama verib ki, astrologiya ilə məşğul olmur.

Beləliklə, insanları təlaşda saxlamaqda davam edirlər. Çünki qorxu ilə insanları idarə etmək daha asan olur. Təəssüf ki, xüsusilə Azərbaycanda bu istiqamətdə maarifləndirmə inkişaf etmədiyinə görə bu cür hallarla üzləşirik. Bir sözlə, mən bütün bu proqnozları təkzib edirəm”.