Jurnalist Qənirə Ataşova bu dəfə məşhur dermatoloq Vəfa Cəlilova haqda geniş araşdırma edib.
“Yeni Gundem” Milli.Az-a istinadən xəbər verir ki, o, həkimin diplomu olmadığını bildirərək bəzi iddialar irəli sürüb.
Jurnalist bildirib ki, o, Almaniyanın miqrasiya idarəsində, EURODAC sistemində viza yoxlanışı üçün müraciət edib.
“Yoxlama 2000-ci ildən 2024-cü ilin 9 dekabr tarixinə qədər olan müddəti əhatə etdi. Nəticələrə əsasən, Vəfa Cəlilovanın tələbə vizası ilə bu müddətdə Almaniyada olmadığı bir daha təsdiqləndi. Ümumiyyətlə tələbə vizasına baş vurmayıb. Lakin turist olaraq Almaniya və Avropada olduğu məlum olub. Həmçinin sözügedən universitetdə təhsil almaq üçün C1 səviyyəsində alman dili biliyi tələb olunur”.
Jurnalist qeyd edib ki, araşdırmalar zamanı Almaniyanın kriminal polisi vasitəsilə Heidelberg Universitetinə rəsmi zəng edilib. Universitetdən verilən cavaba əsasən, bazada heç bir ixtisas üzrə Vəfa xanım haqda məlumat tapılmadığı və adına rast gəlinmədiyi rəsmi olaraq bildirilib. Vəfa xanım həkim sahəsində qiyabi fəaliyyət göstərir.
Yekun olaraq jurnalist həkimin İnstaqram sosial şəbəkəsində olan 1.5 milyonluq izləyicilərin də saxta olduğu bildirib.
Vəfa Cəlilova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.
Yayılan iddialardan sonra V.Cəlilovanın “instagram” hesabını bağladığı bildirilir.