Bu gün Vəkil Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov bildirib ki, bu il Azərbaycan vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur.
“Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalanıb.
Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib”.
Sədr diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib: “Ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Prezidentin müvafiq Fərman və Sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Bu il ARVK ilə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq 400-dən çox məhkuma vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilib, son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilib. Bu sahədə müəyyən layihələrə imza atılıb, habelə ARVK tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox vəkillərin istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanılıb. Kollegiya gənclərə daim dəstək göstərir. Hüquq fakültələri tədris olunan bütün universitetlər arasında memorandumlar imzalanıb, hüquqşünas tələbələrin ARVK-nın dəstəyi ilə keçirilən daxili və xarici yarışlara qatılıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqlar əldə olunub”.