30.11.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin və Göygöl rayon “İrəvan” idman klubunun birgə təşkilatçılığı ilə I Qarabağ müharibəsində canlarından keçən Göygöl rayon Polis Şöbəsinin şəhid olmuş polis əməkdaşlarının və Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
“Yeni Gündəm” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov, Göygöl rayon “İrəvan İdman klubunun” prezidenti Fəxri Cəfərov, Göygöl rayon Polis şöbəsinin nümayəndəsi Polis kapitanı Süleyman İbrahimov, Göygöl rayon Q.Ə.Q.İ.B-nin sədri Araz Abbasov, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov çıxış etdilər.
1990–cı il 30 noyabr tarixi I Qarabağ müharibəsinin ilk illərində Göygöl rayonunun Qarabulaq kəndi yaxınlığında Göygöl rayon Polis Şöbəsinin 6 əməkdaşı:
Polis mayoru Əhmədov Məmmədəli Zeynal oğlu,
Polis kapitanı Rzayev Raquf Yaqub oğlu,
Polis leytenantı Ağayev Sənan Fərrux oğlu,
Polis baş serjantı Əliyev Səhrəddin Yaqub oğlu,
Polis starşinası Məmmədov Şərif Şaban oğlu və
Polis sıravisi Məmmədov Rafiq Cəbrayıl oğlu öz vəzifə borcunu yerinə yetirərkən şəhadətə yüksəldikləri gündür. Tədbirdə 6 polis şəhidin 4 döyüş yoldaşı 1990–cı il 30 noyabr tarixinin canlı şahidləri, şahidlər arasında əsir düşən də iştirak etmişdir. Dövlətimizin çox böyük cəhdi nəticəsində geri qaytarılmışdır. Şəhidlərin döyüş yoldaşları hadisələr haqqında tədbir iştirakçılarına məlumat verdilər.
Sonra II Vətən müharibəsinin şəhid övladları, Göygöl rayon 4 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söylədilər. Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış xüsusi nömrə səhnədə nümayiş etdirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda iştirak etmək üçün minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılmışdır. O cümlədən, Göygöl rayon Mədəniyyət müəssisələrinin 2 əməkdaşı II Vətən müharibəsi başlanan gündən könüllü olaraq ön cəbhədə vuruşmuşdur. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə onlar medallarla təltif olunmuşdur. Tədbirdə Medalların təqdimetmə mərasimi də keçirildi. Medalları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Göygöl rayon şöbəsinin əməkdaşı mayor Əsgərov Anar Şakir oğlu təqdim etdi.
“Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə” Əhmədov Hakim Arif oğlu, “Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə” isə fərqləndiyinə görə Qurbanov Fuad Ayaz oğlu təltif olundular.
Daha sonra I və II Vətən müharibələri şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Göygöl rayon “İrəvan idman klubunun” Taekvondo (İTF) bölməsinin hazırladığı döyüş səhnələri nümayiş etdirildi.
Sonda tədbirin həyata keçirilməsində öz köməkliklərini əsirgəməyən şəxslər ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəliyi və Göygöl rayon “İrəvan” idman klubu tərəfindən hazırlananan diplomlarla təltif olundular.