“Veysəloğlu”nun tərəfdaş olduğu “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıbbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Veysəloğlu Şirkətlər Qrupu, Veysəloğlu Distribusiya, ARAZ Supermarketlər Şəbəkəsi və OBA Marketlər Şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıb.

“Yeni Gundem” xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda logistika sahəsinin inkişafına töhfə vermək, bu sahədə təhsil alan və maraq göstərən gənclərin potensialını aşkar etmək, habelə gənc kadrların formalaşmasına dəstək olmaqdır. Layihəyə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetindən ümumilikdə 200-dən çox gənc müraciət edib. Qeydiyyat mərhələsinin ardından keçirilən iki mərhələli seçim turu nəticəsində logistika sahəsi üzrə təhsil alan III və IV kurs tələbələrindən ibarət 30 nəfərlik iştirakçı komandası formalaşdırılıb.

Açılış mərasimində layihə rəhbəri Aygün Hüseynova layihə haqqında geniş məlumat verib.

Veysəloğlu Şirkətlər Qrupunun Dağıtım Mərkəzində davam edən layihə çərçivəsində “OBA” Marketlər Şəbəkəsinin proseslərin təkmilləşdirmə bölmə müdiri Turqay Abdullayev tərəfindən “Anbar” mövzusunda, “OBA” Marketlər Şəbəkəsinin logistika direktoru və idarə heyyətinin üzvü Namiq Hüseynov tərəfindən “Logistika idarə edilməsi” mövzusunda, “Araz” Supermarketlər Şəbəkəsinin logistika direktoru və idarə heyyətinin üzvü Anar Adilzadə tərəfindən “Azərbaycanda logistika” mövzusunda, “Araz” Supermarketlər Şəbəkəsinin təlim üzrə aparıcı mütəxəssisi Şəfa İsmayılov tərəfindən “Komanda quruculuğu və liderlik” mövzuda, “Rossmann” logistika əməliyyatları üzrə bölmə müdiri Elçin Əhmədov tərəfindən “Zamanın idarə ediməsi” mövzuda təlim keçirilib.

Layihənin sonunda gənclər logistika sahəsinə uyğun maraqlı təqdimatlarla çıxış etmiş və münsiflər heyyəti tərəfindən qiymətləndirilib. Ən yüksək balı toplayan üç komandanın iştirakçıları Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ödənişli təcrübə proqramında iştirak haqqı qazanıb. Əlavə olaraq layihə müddətində aktiv olan gənclər müxtəlif hədiyyələrlə təltif edilib. Qeyd edək ki, layihəni uğurla bitirən gənclər sertifikatla təltif olunub.