“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edirbackend

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste project by Nargis – 2024” (Sıfır Tullantı -2024) layihəsi çərçivəsində Baş sponsor kimi əhəmiyyətli bir addım atıb. Bu əməkdaşlıq çərçivəsində “Veysəloğlu”, tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, ətraf mühitin qorunması istiqamətində yeni bir səhifə açır.

Layihə çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları könüllü olaraq Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak ediblər. Xəzər dənizinin Bilgəh sahil zolağında keçirilən aksiyada 300 kiloqramdan artıq zibil toplanıb. Təmizlik işlərinə həmçinin bir sıra dövlət qurumlarının könüllüləri də qoşulub, bu da geniş ictimai dəstək və əməkdaşlıq ruhunu əks etdirir.

Tədbirin unikallığı ondan ibarətdir ki, toplanan tullantıların təkrar emalı planlaşdırılıb və bu tullantılardan eko-mebel hazırlanacaq. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində Müasir İncəsənət Muzeyində “Yaşıl Zona” stendində nümayiş etdirilərək qonaqlara təqdim olunacaq. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl iqtisadiyyat”a dəstək göstərir. Şirkət, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.