Vinq Çun Federasiyasının məşqçisi Azər Sahibi: “Təəssüf ki, gənclərin əksəriyyəti idmana deyil, internetə, sosial şəbəkələrə maraq göstərirlər”backend

Bugun.tv-də “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə Azərbaycan Vinq Çun Federasiyasının  məşqçisi, “Zəfər” Vinq Çun İdman Klubunun rəhbəri Azər Sahibidir.

“Vinq Çun döyüş sənəti ilə 2012-ci ildən məşğul oluram. Bundan əvvəl, müxtəlif, fərqli idman növləri ilə məşğul olmuşam. Ancaq Vinq Çun tam başqadır, o fəlsəfi gözəllikdir. Bu döyüş sənəti hər kəsə, insanlara hörmət aşılamağı, müdrikliyi öyrədir, özgüvən hissi formalaşdırır”.

Azər Sahibidən müsahibə
Azər Sahibi məşq prosesində
“2012-ci ildən bu vaxda qədər bir çox respublika və beynəlxalq turnirlərdə, beynəlxalq seminarlarda iştirak etmişəm. Dəfələrlə çempion olmuşam və artıq məşqçi kimi 6 ildir fəaliyyət göstərirəm. Keçən il sentyabr ayından etibarən, “Zəfər” Vinq Çun İdman Klubunu təssis etmişik. Badamdar qəsəbəsində fəaliyyət göstəririk. Klubumuzun idmançıları bugünədək xeyli sayda qələbələr qazanıblar. Üzvümüz Hüseyin Məmmədli Respublika çempionu olub. Dəfələrlə Bakı çempionatlarında qalib gəlib. Digər idmançılarımız isə birinci və ikinci yerləri tutublar”.

Vinq Çun idman növü
“Zəfər” Vinq Çun İdman Klubu
“Vinq Çun özünü müdafiə döyüş sənəti olmaqla bərabər, həm də müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərir. Bu da onu dünyada məşhur edir. Mən ixtisasca həkiməm. Elə buna görə də, bu döyüş sənəti məni xüsusi ilə cəlb etdi. Vinq Çun idman növündə elə texnikalar var ki, məsələn, dan ci sau, ci sau, taxta adam ilə olan məşqlər və s. bunlar insanın hər iki beyin yarımkürəsinin eyni vaxtda fəaliyyətinə səbəb olur. Elə buna görə də, müxtəlif növ xəstəlikləri müalicə etmək mümkündür. Misal üçün, əqli geriliyi olan insanlarda, parkinson xəstəliyindən əziyyət çəkənlərdə, yaddaş və yuxu pozuqluğu olan şəxslərdə Vinq Çun texnikaları xüsusi əhəmiyyət kəsb edir”.

Vinq Çun Federasiyası
Azər Sahibinin qələbə anı
“Dövrümüzün müəyyən tələbləri var. Onlar bizi idmandan bir növ uzaqlaşdırır. Buna misal olaraq, internetin və telefonun günlük həyatımıza daha çox daxil olmasını göstərə bilərik. Bu insanı daha da hərəkətsizləşdirir. Təəssüf ki, indiki gənclərimizin əksəriyyəti, belə fəaliyyətlərə üz tutullar. Bizim əsas məqsədimiz odur ki, onlar bu qeyri-aktiv həyat tərzindən uzaqlaşsınlar. Vinq Çun döyüş sənəti bizim tələbələrimizin gündəlik həyat tərzlərinə bir fərqlilik gətirmiş olur. Ümumilikdə, bədən daha da aktivləşir. İnsanın metabolizması daha da güclü çalışır”.

Vinq Çun idmanı
Azər Sahibi və Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov
“Hər məşqin əvvəlində və sonunda uşaqlarla söhbət edirik. Bəzən hətta psixoloqlar dəvət olunur. Onlar da bizim idmançılarla söhbət aparırlar. Əsas məqsəd odur ki, uşaqlar məktəbdə və ya kənarda müəyyən şəxslər tərəfindən yayılan pis vərdişlərə qurşanmasınlar. Gənclərə tövsiyəmiz odur ki, idmanla aktiv şəkildə məşğul olsunlar. İdman həyatlarının bir parçasına çevrilsin. Ola bilər ki, Vinq Çun döyüş sənəti və yaxud başqa idman növü ilə məşğul olsunlar. Amma hər halda bu onların ümumi həyat tərzinə çox təsir edəcək”.

Ətraflı linkdə: