2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramovanın liposaksiya əməliyyatı etdirdikdən sonra ölməsinin bəzi detalları üzə çıxıb.
“Yeni Gundem” xəbər verir ki, əməliyyat “VMR Medical Center” MMC-nin Gəncə filialında həyata keçirilib.
Əməliyyatı klinikanın Gəncə filialında fəaliyyət göstərən Gülsüm Əliyeva adlı qadının etməsi barədə məlumatlar yayılıb.
Klinika rəhbərliyi açıqlama verərək G.Bayramovaya klinikada gözəllik proseduru icra olunduğunu təsdiqləyib, lakin liposaksiya və ölüm faktını inkar edib.
G.Əliyevanın isə tibb təhsili olmadan müxtəlif kosmetoloji prosedurlar həyata keçirdiyi bildirilir. Bu deyilənləri sübut edəcək görüntülər də var.
Xəstənin yaxınları isə onun COVID-19-dan öldüyünü iddia edirlər.
Məsələ ilə bağlı Türkiyədə fəaliyyət göstərən Azərbaycan həkimləri onun təhsil aldığı iddia edilən universitetə sorğu göndərib.
Universitetin cavabında bildirilib ki, bu adda məzun yoxdur. Azərbaycanda aparılan yoxlamalarda onun adı tibbi işçilərin rəsmi reyestrində tapılmayıb.APA TV
Qeyd edək ki, bir müddət əvvəl “VMR Medical Center”də qanunsuz həkim işlətməsi barədə məlumatlar getmişdi.
“Yeni Gundem” xəbər verir ki, bu fakt baş tutan məhkəmə prosesində öz təsdiqini tapıb. Belə ki, “VMR Medical Center”lə bağlı Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Mərkəzin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Mərkəzə qarşı protokol lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə tətbiq edilib. Bu qayda pozuntusuna əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, yaxın günlərdə “VMR” Şirkətlər Qrupuna aid mərkəzdə estetik uzman Gülsüm Əliyevanın da qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdu.
Xatırladaq ki, “VMR” Şirkətlər Qrupuna Bakı və Gəncə filialları olan klinikalar daxildir. Qanunsuz işçi çalışdıran “VMR Medical Center”in rəhbəri Vüsal Hüseynovdur.