“Özlərini jurnalist və beloger adlandıran bəzi şəxslər əhali arasında bölücülük toxumları səpməklə, vətəndaş qarşıdurması yaradan məqalələr yazaraq xalqımızı zəhərləməklə məşğuldurlar. Heydər Əliyev Bakıya gəlməzdən öncə Cənub-Şimal bölgələri demək olar ki, vətəndaş müharibəsi astanasında idi. O tarixi şəxsən yaşamışıq, hələ də unutmamışıq”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqramda yazıb. O, xalqımızı bu çətin günlərdə bir olmağa, milli-mənəvi dəyərlərə sahib çıxmağa səsləyib. Sənətçi həmçinin ona atılan böhtanlara cavab verib:
“Xalqımızı göydə Allah, yerdə Ulu Öndərimiz o bəladan qorudu! Son islahatlarınız sübut etdi ki, qanun vəzifə insanları, məmur fərq etmədən hamı üçün eynidir!
Cəmiyyətdə yalnış fikir formalaşdıranlar xarici ölkədə oturub vətənimizi pisləyən şərəfsizlərin də dəyirmanına su tökmüş olurlar. Biz müstəqil ölkəyik! Kimin şəxsi biznesi varsa, halal xoşu olsun! Lakin dövlətçiliyimizə və Azərbaycan mədəniyyətinə qulluq edən şəxs kimi, mənim səsimdən başqa heç bir zaman şəxsi biznesim olmadığı halda, nədənsə ailəmi harınlamış zəngin adlandırır və bu sözlərlə xalqımızda bir-birinə qarşı nifrət, kin-küdurət yaratdmağa çalışırlar!
Bu ağır dövrdə ölkə başçımızın ətrafında birləşməyə çağırışlar etmək əvəzinə, xalqın arasında ayrıseçkilik yaradan, vətəndaş qarşıdurması, nifrət toxumu səpən bəzi portallara ölçü götürülməlidir.
Mən bu ünsürlərin bölücülük əməllərinin sadəcə özümlə bağlı olan hissəsinə nəzər saldım. Ümumilikdə isə bu cür ictimailəşmiş ünsürlərin daha geniş kütləyə zərər vurmasının qarşısı alınmalıdır. Biz xalq olaraq daima sizin sadiq əskərlərinizik, Ali Baş Komandan”.