Xalq artisti, Yaşıl Teatrda fərqli solo-konsert verəcəkbackend

Azərbaycanın xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova iyunun 20-də Yaşıl Teatrda fərqli solo-konsert proqramı ilə çıxış edəcək.

Mətbuat konfransında əməkdar artisti Əliağa Sədiyev, jurnalist türkan Məmmədli və stilist Elnur Həsənov iştirak edib.

Media nümayəndələri ilə bir araya gələn xanəndə konsert barədə ətraflı məlumat verib.

“Yenigundem”-in xəbərinə görə, Nəzakət Teymurova gecə üçün xüsusi repertuar hazırlayıb: “Saatlarla məşq edirik. Sənətkar üçün konsert vermək çox böyük məsuliyyətdir və istəyirik ki, hər şey yüksək səviyyədə olsun. İllərlə sənətkarların ifalarında səslənən mahnılar yeni nəslə mənim təqdimatımda nostalji hisslər yaşadacaq”.

Sənətkar həmin gün heç zaman ifa etmədiyi mahnıları səsləndirəcək. Nəzakət Teymurova qeyd etdi ki,Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarından olan mahnılar olacaq. O, həm də aşıq mahnıları ifa edəcək.

Nəzakət Teymurova yenilik və risklərdən qorxmadığını da deyir: “Konsert vermək çox riskli işdir. O səbəbdən çox insan bu riski eləmək istəmir. Allaha çox şükürlər edirəm ki, qarşıma çıxan, ətrafımda olan insanlar daima mənə dəstək olublar. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm”.

Xalq artisti konsertdə heç kimlə duet etməyəcəyini də qeyd etdi.

Təbriz Məhərrəmoğlu