Ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm. Bu faciəvi qəzada ölənlərə Allah rəhmət eləsin, yaralılara şəfa arzulayıram.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ötən gün həmçinin Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təyyarə qəzası ilə bağlı müşavirə keçirilib. Eyni zamanda təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyası yaradılıb. Həmçinin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə 26 dekabr Azərbaycanda matəm günü elan edilib”.
Millət vəkili bildirib ki, heç bir dövlət bu cür faciəvi hadisələrdən sığortalanmayıb: “Sözsüz ki, Azərbaycan xalqı üçün bu üzücü və sarsıdıcı bir xəbər oldu. Amma buna baxmayaraq biz xalq, cəmiyyət olaraq faciəvi qəza nəticəsində rəhmətə gedənlərin əzizlərinin, ailələrinin, doğmalarının yanındayıq. Yararlılarımıza, onların ailələrinə hər cür dəstək verməyə hazırıq. Bu xalqımızın böyüklüyünü, bütövlüyünü göstərən bir əlamətdir”.