“Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan Xankəndi şəhəri Azərbaycanın ərazisidir. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatında həmən ərazilərdə müvəqqəti olaraq Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib. Ona görə də, müəyyən prosedur qaydaları var. Azərbaycanın bununla bağlı qəbul etdiyi öhdəliklər var”.
Bu sözləri “Yeni Gundem “-ə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov açıqlayıb.
“Azərbaycan cəmiyyəti haqlı olaraq rus sülhməramlıların fəaliyyətinə etiraz edir”
Hərbi ekspert Ş.Ramaldanovun sözlərinə görə, hazırda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı çoxlu iradlar səslənir.
“Bu gün onların missiyasından kənarda dayanan məsələlər gündəmdədir. Azərbaycan cəmiyyəti haqlı olaraq onların fəaliyyətinə etiraz edir. Rusiya sülhməramlı qüvvələri nəinki, bəyanatın bəndələrini yerinə yetirmir, hətta yerinə yetirməyə belə maneçilik törədir. Üçtərəfli bəyanatın dördüncü maddəsində göstərilir ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisində mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələrinin ölkəmizdən çıxarılmasına paralel şəkildə yerləşdirilir. Sülhməramlı qüvvələr sırf sadaladığımız funksiyanı yerinə yetirməlidir. Ancaq buna baxmayaraq, sülhməramlılar separatçılara himayəçilik edərək, onların təhlükəsizliyini qoruyur. Qarabağda yaşayan erməni etnik azlığı separatçıların və rus sülhməramlıların girovundadır. Bununla bağlı Cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdi”.
“Vəziyyət getdikcə gərginləşir”
Onun fikrincə, Qarabağ iqtisadi rayonunda hal hazırda mövcud olan qeyri-qanuni erməni silahlıları Azərbaycan üçün təhlükə mənbəyi kimi qalır.
“Ərazilərimizdə qalan qeyri-qanuni erməni silahlı birləşmələri mövqeydədirlər. Onların silahları bizə qarşı tuşlanıb. Azərbaycan dövlətinin vəzifələrindən biri də odur ki, Azərbaycanın təhlükəsizliyini qorusun. Dördüncü bəndin yerinə yetirilməsi ilə bağlı rəsmi Moskva mövqeyini açıqlayıb. Beləliklə onlar işlə məşğul olmayacaqlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi də bununla məşğul olmayacaq. Deməli bunun icrası bizim öhdəmizə düşür. Vəziyyət getdikcə gərginləşir. Azərbaycan haqlı olaraq cəmiyyətinin narazılığını Kremlin müvafiq dairələrinə çatdırıb. Məsələnin həlli ilə bağlı işlər aparılır. İstənilən təxribata cəhd ölkəmizin maraqlarına uyğun deyil. Onlar təhlükəsizliyimizə hədədir”.
“Azərbaycanın qanunları onun bütün ərazisində işləniləcək”
Hərbi ekspert Şair Ramaldanov onu da əlavə edib ki, Azərbaycan legitim hədəf kimi qeyri-qanuni erməni silahlılarını məhv edib, edir və edəcək.
“Xankəndinə daxil olacağımız tarix uzaqda deyil. Digər torpaqlarımızda da Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Azərbaycanın qanunları onun bütün ərazisində işləniləcək. Bu istiqamətdə böyük işlər aparılır. İstər diplomatiya masasında , istərsə də hərbi güc yolu ilə. Ölkəmiz maraqlarını təmin edəcəkdir”,- deyə o qeyd edib.
Fərahim Rəhimov
“Yeni Gundem”