Xətai rayonundakı M.Hadi, N.Tusi, Mehmandarov küçələrində, Əhmədli kəndinə gedən yol tullantıların əlindən keçilməz olub. Natəmizlikdən ərazi sahibsiz heyvanların məskəninə çevrilib. Yağış yağandan sonra vəziyyət daha dözülməz həddə çatır, tullantılar yağış suyuna qarışıb küçəboyu yayılır, həyətlərə dolur.
“İlin bütün fəsillərində vəziyyət belədir, tullantılar vaxtlı-vaxtında daşınmır”, – Xətai rayon sakinləri XALQ.AZ -a bildirib ki, icra hakimiyyətinə, bələdiyyələrə dəfələrlə müraciət etsəkdə gəlib yığışdırıb gedirlər bir həftə sonra eyni vəziyyət yaranır.
Sakinlərin sözlərinə görə, məişət tullantılarının atılması üçün zibil qutuları qoyulub, amma qutular tələbatı ödəyə bilmir. Çünki yaxınlıqdakı şadlıq sarayının və böyük marketlərin tullantıları da bura atılır.
Məsələ ilə bağlı icra hakimiyyətindən və bələdiyyədən heç bir açıqlama almaq mümkün olmadı. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən isə telefon zənglərimizə cavab verilmədi. Aidiyyati qurumların açıqlamasını dərc etməyə hazırıq.
Qeyd edək ki, 4 dekabr 2024-cü il tarixində Paytaxtda sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər görülür. Xətai rayonu N.Tusi küçəsində məişət tullantılarının qalaqlanması görə vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.