Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı fərqləndiklərinə görə təltif olunan bir qrup hərbi qulluqçuya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.
Xidmətdən “Yeni Gundem”-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidməti aparatında keçirilmiş tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, təltif olunan heyəti təbrik edərək medalları təqdim edib.
Təltif olunan hərbi qulluqçular Ümummilli Liderin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onlara göstərilən diqqətə və ali mükafata görə minnətdarlıq bildiriblər.
Tədbirin sonunda təltif olunan heyətlə xatirə fotoşəkili çəkdirilib.