Xırdalanda çoxmərtəbəli yaşayış binasının damında qanunsuz tikinti aparılır?backend

Xırdalanda 14 mərtəbəli yaşayış binasının üzərində dəmir karkaslar qurulub…

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə edilən paylaşımlarda Abşeron rayonu Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi, 21 ünvanında yerləşən binanın sahibinin əlavə mərtəbə artırmaq niyyətində olduğu vurğulanır.

Xatırladılır ki, sözügedən ünvanda bu məsələ hələ ötən ilin sentyabr ayında gündəmə gəlib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin qarşısı alınıb. Ancaq məsələnin üstündən aylar keçsə də, karkaslar hələ də sökülməyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 21 ünvanında “Kristal AA” MTK tikinti şirkəti tərəfindən yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının dam hissəsində qeyri-qanuni şəkildə mansard tipli əlavə tikintinin aparıldığı müşahidə olunub:

“Abşeron RİH tərəfindən, qanunvericiliyə uyğun olaraq, sözügedən tikinti işləri dayandırılıb və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Bundan sonra RİH-in və aidiyyəti qurumların iradını nəzərə alan “Kristal AA” MTK tikinti şirkəti tərəfindən qeyri-qanuni inşa olunan hissə sökülüb. Bildirmək istərdik ki, hazırda sözügedən binanın dam hissəsində hər hansı tikinti işi aparılmır”.