Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı faciəsinin 32-ci ildönümündə “Ana harayı” abidəsini ziyarət edib, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan anım mərasimlərində Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilmiş tədbirdə hərbi qulluqçular Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra mərasimin rəsmi hissəsinə başlanılıb.
Tədbirdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı əsrlər boyu məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı kimi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımın XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən olduğu vurğulanıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatan Vətən müharibəsi və antiterror əməliyyatı zamanı düşməndən Xocalı soyqırımı qurbanlarının da qisasının alındığı, bu səbəblə xalqımızın artıq dördüncü ildir ki, Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət etdiyi qürur hissi ilə qeyd edilib.
Tədbirin sonunda Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli film nümayiş etdirilib.