Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub.
Bu barədə “Yeni Gundem”-ə Dövlət Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğaldan azad edilmiş ərazilərə kursantların ekskursiyası zamanı hərbi hissələrdə qarşılanma mərasimi keçirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn vətən övladlarının əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Bildirilib ki, belə tədbirlərin keçirilməsinin bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin hazırlanmasında xüsusi rolu var.
Dövlət Sərhəd Xidmətinin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilib, atıcı silahlardan nümunəvi atışların aparılması, şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.
Daha sonra Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb, işğaldan azad edilmiş ərazilərdə birinci pilot layihə kimi yenidən qurulmuş Zəngilan rayonunun Ağalı kəndində yaradılmış şəraitlə tanış olduqdan sonra “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinə yollanıblar.
Səfərin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkdirilib.