Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.
Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib.
Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.
Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.