Beyləqan Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Habil Sabitovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, hakim Ramiz Nurullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin olunub.
İttihama görə, Habil Sabitov “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şəhər sahəsi üzrə usta vəzifəsində işləyib. Belə ki, 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində ağaclara toxunaraq keçən hissəsində həmin hava elektrik xəttinin fazalarının küləkli hava şəraitində bir-birinə toxunması nəticəsində qığılcımlar yaranıb. Nəticədə quru ot, kol-kosları alışıb və yanğın baş verib. Hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 9120 manat dəyərində 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanaraq məhv olub. Hadisədən sonra “Eyvazallar” hava elektrik xəttinə məsul şəxs olan Habil Sabitov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.