Yanvar-may aylarında respublikada 600 milyon kubmetr artımla qaz hasil edilibbackend

Cari ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG), 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 0,6 milyard kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən “Yeni Gundem”-ə bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 10,3 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 milyard kubmetr qaz nəql olunub.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək AÇG-dən 208,9 milyard kubmetr, “Şahdəniz”dən isə 193,8 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 136,5 milyard kubmetrə yaxını ixraca nəql olunub.
Yanvar-may aylarında ölkədə 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 7,7 milyon tonu AÇG-nin 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Hesabat dövründə 10,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu il iyunun 1-dək 616,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil olunub. AÇG-dən 574,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,1 milyon tona yaxın kondensat çıxarılıb. Bunun 614,7 milyon tonu iyunun 1-dək ixraca nəql edilib.
Bu ilin yanvar-may ayları üzrə ölkədə neftin emalı 2,5 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 373 min ton çox olub.