Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib.
Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
G. Abbasova qeyd edib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək: “Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir”.