Qəhrəman övladlarınız və həyat yoldaşlarınız, şanlı Azərbaycan ordusunun igid əsgərləri böyük əzmlə, inamla, cəsarətlə bütün varlığını verərək şanlı bir dastan yazdı. Türkün gücünü, qüdrətini bir daha bütün dünyaya göstərdi.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər baş qərargah rəisi, ordu generalı Metin Gürakın müşayiəti ilə Ankaraya səfər edən Qarabağ şəhidlərinin ailə üzvləri ilə görüşündə deyib.
“Azərbaycan ordusunun 44 gündə əldə etdiyi bu böyük qələbə tarixə qızıl hərflərlə həkk olunub, Azərbaycan türklərinin illərdir məruz qaldığı haqsızlıqlara, qanunsuzluqlara göz yumanlara ən gözəl cavab olub.
Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan ordusunun hər bir mənsubunun, xüsusilə də sevimli şəhidlərimizin, qəhrəman veteranlarımızın göstərdiyi şücaət sayəsindədir. Belə cəsur qəhrəmanlara malik Azərbaycan ordusu həm Vətən müharibədində, həm də antiterror tədbirlərində üstün döyüş qabiliyyəti ilə Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi üçün əvəzsiz qüvvə olduğunu sübut etdi.
Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq telləri ilə bağlanan iki dövlət, bir millətdir. Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş dövlət çətin anlarda bir-birinə dayaq olub, nə olursa olsun çiyin-çiyinə olub. Bu qardaşlıq bağları sayəsində Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və həmrəylik günü-gündən artır. Bilirik ki, Azərbaycanın gücü bizim gücümüzdür, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da belə olacağıq”, – o qeyd edib.