“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci “YAŞAT” yay məktəbinin birinci həftəsi başa çatıb.
Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunurlar.
Ekskursiya dünyanın ən böyük muzeylərindən olan və ən nadir eksponatların qorunduğu Britaniya Tarix Muzeyinə ziyarətlə başlayıb. Ardınca iştirakçılar Londonun mərkəzindəki “Hyde Park” krallıq parkına, xalq sənətkarlıq nümunələrinin, geyim və zinət əşyalarının satıldığı məşhur “Camden Market” ə üz tutublar. Ən maraqlı məqam isə yer kürəsini şərq və qərb yarımkürələrinə bölən sıfırıncı meridian da adlanan Qrinviç meydanı ilə tanışlıq olub.
Layihənin 1-ci həftəsi uğurla başa çatıb, iştirakçılar növbəti həftə də bir-birindən maraqlı yerləri gəzib öyrənəcəklər.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.