“Yaşıl Dünyada Qadınların Təhsili: Dünəndən Bugünə” – FOTOLARbackend

Bu gün Qərbi Azərbaycan İcmasının inzibati binasında QAİ-nin Qadınlar Şurasının təşkilatçılığı ilə “Yaşıl Dünyada Qadınların Təhsili: Dünəndən Bugünə” elmi-praktik konfrans keçirildi. Konfransın moderatoru QAİ-nin Qadınlar Şurasının sədri, VI çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı giriş nitqində Konfransın mövzusunun aktuallığından danışaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda dövlət qadın siyasətinin əsas təməlində qadınların təhsilinin dayandığını, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkədə dövlət qadın siyasətinin ildən ilə daha da təkmilləşdirildiyini qeyd edibdir. Məlahət İbrahimqızı minnətdarlıqla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESCO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkədə və ölkədən kənarda həyata keçirdiyi çoxşaxəli və uğurlu layihələri ilə Azərbaycan qadınının adına beynəlxalq aləmdə yüksək nüfuz qazandırdığını qeyd edibdir. O vurğulayıb ki, Qadın və qızların təhsilinə böyük önəm verən möhtərəm Mehriban xanım Əliyeva ötən illər ərzində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihələri çərçivəsində qadın və qızların hərtərəfli təhsilinə xüsusi önəm vermişdir. Moderator Mehriban xanım Əliyevanın müxtəlif kürsülərdə etdiyi çıxışlarında qızların təhsildən yayınma və erkən nigahagetmə probleminin təkcə ailələrin və məktəblərin deyil, bütövlükdə Azərbaycan ictimaiyyətinin və ziyalılarının məsuliyyəti və bu problemin qəbuledilməz olduğunu xüsusi qeyd etmişdir. Konfransda açılış və salamlama çıxışı ilə iştirak edən Milli Məclisin 6-cı çağırış deputatı, QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli müzakirə edilən mövzunun çox vacib olduğunu və gələcəkdə də belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini bildirdi. Əziz Ələkbərli tarixi faktlarla Qərbi Azərbaycanda erməni vandallarının havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX -XX əsrdə azərbaycanlıların Qafqazın və Ermənistanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol haqqında dolğun məlumat verdi. Konfransın Açılış və salamlama sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, qadınların və uşaqların təhsilinin cəmiyyətin ən vacib məsələlərindən olduğunu qeyd edib, ölkəmizdə daim təhsilə böyük önəm verildiyini, daha yaşıl dünya üçün təhsilin, məlumatlılığın rolunun misilsiz önəmi olduğunu vurğulayıb. Konfransda “Müstəqil Azərbaycanda təhsil ümummilli məsələ kimi” mövzusunda çıxış edən 6-cı çağırış Milli Məclisin deputatı, professor Hicran Hüseynova Azərbaycanın çağdaş müstəqillik dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban Əliyevanın Azərbaycanda qadın hərəkatının inkişafında misilsiz xidmətlərinin olduğunu qeyd etdi. 6-cı çağırış Milli Məclisin deputatı, COP29-un təşkilat komitəsinin üzvü Sevinc Fətəliyeva “Yaşıl dünya: Ətraf mühitin qorunmasında qadınların rolu” mövzusundakı çıxışı zamanı öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı uğurlar haqqında məlumat verdi. Sonra o, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların məntiqi davamı kimi , BMT-yə üzv ölkələrin dəstəyi və etimadı ilə dünyanın ən mötəbər tədbiri olan COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Sevinc Fətəliyeva Azərbaycan qadınının yaşıl dünyada, eləcə də rəqəmsallaşma əsrində təhsilinin və peşə hazırlığının müasir dövrün çağırışları əsasında qurulmasının zəruri olduğunu və bununla bağlı ölkəmizdə görülən işlər haqqında məlumat verdi. Tədbirdə, həmçinin Milli Məclisin 6-cı çağırış deputatı, QAİ-nin İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlunun “Təhsilli qadın təhsilli gələcəkdir” adlı çıxışı da iştirakçılar tərəfindən çox ciddi maraq doğurmuş və mövzu ətrafında çıxışlar və fikir mübadiləsi aparılıb. Konfransda İrəvan maarifçilik məktəbinin fədakar və parlaq simaları olmuş və vaxtilə İrəvanda yaşamış, Qafqazın ədəbi-mədəni mühitinə misilsiz töhfələr vermiş, Azərbaycan qadınının şərəfli tarixi keçmişinə və XXI əsrdə qazandığı böyük uğurlara və müasir dövrün çağırışlarına həsr edilmiş fotoslaydlar da təqdim olunub. Məruzə və çıxışlarda Qafqazın ədəbi-mədəni mühitində mühüm rol oynamış İrəvan ziyalı Azərbaycanlı Qadınlar Klubunun keçən il 100 ilinin, İrəvan Qızlar Gimnaziyasının yaradılmasından isə 140 il ötdüyü xatırladılıb. Qeyd edilib ki, İrəvanda azərbaycanlılar üçün fəaliyyət göstərən ilk məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilib. 1884-cü il iyulun 9-da bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 1898-ci il mayın 30-da isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrildi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris edib. Çıxış edən natiqlərin hər biri XXI əsrin Azərbaycan qadınlarının ən yüksək nailiyyətlərə imza atdığını və dünya qadınlar birliyində ən şərəfli yerlərdə təmsil olunduğunu qeyd etdi.

Tədbirdə “Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalaşmasında azərbaycanlı ziyalı qadınların rolu” mövzusunda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, QAİ İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova bildirib ki, 140 il öncə İrəvanda Qızlar Gimnaziyasının yaranması tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan qadın hərəkatının qürurverici səhifələrindən biri kimi nəzərdən keçirilir. Bundan başqa, bu gimnaziyanın nümayəndələrinin də payına deportasiyanın acı nəticələrini yaşamaq düşüb. Qərbi azərbaycanlıların ötən əsr boyunca yaşadığı 4 deportasiya soydaşlarımızın təhsilinə də zərərsiz ötüşməyib.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, QAİ Ziyalılar Şurası sədrinin müavini Fərrux Rüstəmov “İrəvan Müəllimlər Seminariyasının pedaqoji fikir tariximizdə rolu”, QAİ Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov “İrəvan Pedaqoji Məktəbinin xələfi: Xanlar Pedaqoji məktəbi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, QAİ Qadınlar Şurasının üzvü dosent Könül Həsənova “İrəvan azərbaycanlı Pedaqoji Məktəbinin qadın məzunları”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, QAİ Nəzarət-Təftiş Komissiyasının üzvü Filologiya elmləri üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev “Qərbi azərbaycanlı maarifçi qadınların Cənubi Qafqazın ədəbi mədəni mühitinin inkişafına töhfələri” mövzularında çıxış ediblər.

Konfransın sonunda mövzulara uyğun olaraq müzakirələr aparılıbdır.