Yeni bir dövr başlayıbbackend
“30 il Azərbaycan ərazilərini işğalda saxlayan Azərbaycan xalqına qarşı soyqırım və etnik təmizləmə aparan Ermənistan bu on illiklər ərzində torpaqlarımızın talanması, infrastrukturun barbarcasına dağıdılması kimi vandalizm aktları icra edib. Azərbaycanlıların evlərini, inzibati binaları, qeyri-yaşayış sahələrini, tarixi, dini mədəni abidələri barbarcasına dağıdan Ermənistan xalqımıza qarşı hərbi cinayət törədib. İşğal dövründə erməni vandalları bütün yaşayış evlərini yağmalayıb, azərbaycanlılara məxsus əmlakı talan edib, mənimsədikdən sonra evlərin divarlarını, daşları sökərək daşıyıb. Bu tarixdə misli-bərbarəi görülməmiş barbarlıq aktıdır. I və II Dünya müharibəsində silahların zərbəsindən dağıdılmış infrastrukturu və yaşayış məntəqlərinin mənzərəsi ilə Qarabağda ermənilərin 30 ildə həyata keçirdikləri barbarlıq müqayisə edilməzdir. Qəbir daşlarını, ölmüş insanların cəsədlərini belə çıxarıb onların metal dişlərini götürən barbar bir toplum 30 il Azərbaycan ərazilərində bütün infrastrukturu dağıtmaqla yanaşı, ekoloji terror həyata keçirib. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə bitməklə yanaşı ərazilərimizdəki erməni barbarlığına da son qoydu. 2020-ci ilin 10 noyabrından sonra Azərbaycan öz tarixi ərazilərində həyatı yenidən canlandırmağa başlayıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş bir günlük lokal anti-terror tədbirləri nəticəsində ölkə ərazisində separatizmin kökü kəsildi. Azərbaycan ərazisi üzərində konstitusiya quruluşu və suverenliyi tam bərqərar olundu. Artıq tarixi torpaqlarımızda böyük-quruculuq abadlıq işləri icra edilir ki, bütün bu amillər ərazinin milli identifikasiyasını, kimə məxsusluğunu bir daha nümayiş etdirir.”

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, işğal dövründə erməni vandalları bütün ərazilərimizdə olduğu kimi Ağdam şəhərində də misli görünməmiş barbarlıq həyata keçirib: “Bir vaxtlar çal-çağırlı, bağlı-bayatlı, regionun iqtisadi-siyasi, mədəni mərkəzi kimi həyat qaynayan Ağdam Ermənistanın məkirli niyyəti və işğalı, vandallığı nəticəsində xaraba şəhərə çevrilib. Təsadüfi deyil ki, azərbaycanlılarla yanaşı, xarici  jurnalistlər, turistlər, beynəlxalq təmsilçilər Ağdamı bu qədim şəhərimzi “Qarabağın Xirosiması” adlandırıblar. Bu erməni barbarlığının azərbaycanlılara qarşı olan nifrətinin, kininin miqyasını bir daha nümayiş etdirmiş olur”.

Deputat “Ağdam” sözünün etimologiyası və burada tarixən məskunlaşmanın, azərbaycanlıların ərazinin əsl sakinləri olduğunu bildirib: “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşayıb. Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri kimi tanınıb. Ağdam inzibati rayon kimi 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayon 1993-cü il 23 iyul tarixində Ermənistanın işğal siyasətinə məruz qalıb”.

Millət vəkili bildirib ki, Ağdamın Ermənistan tərəfindən işğalı ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən qətiyyətlə pislənib: “Bununla 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib. Həmçinin bu qətnamə ilə də, işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmaqla işğal siyasətini 30 ilə yaxın davam etdirib. İşğal dövründə  isə Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir”.

Təftiş komissiyasının sədri vurğulayıb ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb: “Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Ağdamın azad olunmasına görə” medalının təsis olunması tarixi qələbəmizin əldə olunmasında xidməti olmuş qəhrəmanlarımıza verilən ən yüksək ali dəyər hesab olunur. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub”.

Sevinc Hüseynova artıq Ağdam üçün yeni bir dönəmin başlandığını bildirib: “Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Ağdamda böyük quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri ilə tanışlıq məhz bu məqsədlərə xidmət edir. Qısa zamanda Ağdamda və digər şəhərlərimizdə həyat yenidən canlanacaq. Ağdamlılar öz yurd-yuvalarına geri dönüb əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayacaq”.