Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə Prezident İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi.
Qarşıdakı illərdə də Azərbaycan bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Məlumdur ki, Azərbaycan Respublikası konstitusion səviyyədə beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil bəzi dövlətlər üçün bu prinsip keçərli deyil. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritet olmaqla yanaşı, diplomatik müstəvidə də bütün mümkün təhdidlərin zərərsizləşdirilməsi zərurətdir.
Bu mənada, yeni dövrdə ümumbəşəri dəyərlərə və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə sadiq qalmaqla xarici siyasət kursunda 3 konkret istiqamət milli prioritet olaraq müəyyən edilib. Birincisi, Azərbaycan artıq ikili standartla formalaşan riyakar qlobal nizamın şərtləri ilə hesablaşmaq niyyətində deyil. Əlbəttə, bunun da kökündə cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna söykənərək nail olduğu ciddi hərbi-siyasi, sosial və iqtisadi uğurlar dayanır. Dövlət başçısının andiçmə mərasimində hər bir Azərbaycan vətəndaşının qəlbini qürurlandıran formada qətiyyətlə dediyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”. Bu isə rəsmi Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Məsələn, Azərbaycanın artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək fikri yoxdur. Ona görə də yeni dövrün memarı olaraq cənab İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq türk dünyası ilə əlaqələri müəyyən edir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, “böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali” kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir. Möhtərəm Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.
Xarici siyasət kursumuzun ikinci vacib konseptual elementi isə Azərbaycanın daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətində ehtiva olunur. Sirr deyil ki, əvvəllər regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olsaq da, məhz mövcud siyasi iradənin qətiyyəti ilə Azərbaycan artıq həmin dövrləri geridə qoyaraq özünü qlobal oyunçu kimi təsdiq edə bilib. Cənab İlham Əliyevin ifadə etdiyi kimi, əks halda, “155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Bu gün isə hədəfimiz Zəfər qazanmış, reallıqlar yaratmış, lider dövlətin haqlı mövqeyi üzərində bərqərar olub və biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmaq yox, qlobal subyektlərdən biri kimi iqlim dəyişmələri, islamofobiya və neokolonializmə qarşı mübarizədə, dünyanı narahat edən problemlərin həllində daha fəal olmağı planlaşdırırıq. Ermənistanla münasibətlərə gəlincə, yeni dövr üçün cənab İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydın oldu, Azərbaycan bu məsələdə qlobal manipulyatorlara meydan verməyəcək – bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur.
Qeyd olunanlar fonunda yeni dövr üzrə müəyyənləşən hədəfləri təhlil etdikdə əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk andiçmə mərasimini yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi hadisəyə çevirə bildi. Üstəlik, cənab İlham Əliyev elə konfiqurasiyaya nail ola bildi ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə biləcək.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı.