Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın hərtərəfli inkişafında dahi Heydər Əliyevin misilsiz xidmətləri” mövzusunda konfrans keçirilibbackend

YAP Yevlax Rayon Təşkilatının və Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın hərtərəfli inkişafında dahi Heydər Əliyevin misilsiz xidmətləri” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Fazil İsmayılov, partiya fəalları və Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak edib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Yerli təşkilatın sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə həyata keçirilən misilsiz xidmətlərindən geniş bəhs edərək, qeyd edib ki, qürurla bildirməliyəm ki, müasir və güclü Azərbaycan Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə dahi Öndərin müdrik ideyaları əsasında saysız-hesabsız uğurlara imza atmaqdadır. Bu gün Möhtərəm Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Bu uğurlu siyasət bizi xoşbəxt və firavan gələcəyə aparır.
Milli Məclisin deputatı İlham Məmmədov çıxışında bildirib ki, əgər Ulu Öndər Heydər Əliyev olmasa idi bugünkü müstəqil müasir Azərbaycan var olmazdı. Hər birimiz vətəndaş olaraq əldə etdiyimiz nailiyyətlərə görə Milli Liderimizə minnətdarıq. Dahi Heydər Əliyevin böyük siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda hər kəsin sağlam ətraf mühitdə yaşaması, milli ruhda tərbiyə olunması, milli dəyərlərimizin qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Bu isə Azərbaycanın çoxşaxəli inkişafını təmin edir. Azərbaycan suveren və müstəqil dövlətdir. Ərazi bütövlüyü tam şəkildə təmin olunan ölkəmizdə yaşamaq hər biri üçün şərəfdir. İlham Məmmədov vurğulayıb ki, biz hər birimiz Heydər Əliyevin müdrik irsinə, möhtərəm Prezident İlham Əliyevin güclü siyasətinə sadiq olmalı və daim xalq-iqtidar birliyinin sarsılmazlığını qorumalıyıq.
Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Fazil İsmayılov çıxış edərək, diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bənzərsiz siyasəti davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev bütün sahələrə xüsusi diqqət göstərdiyi kimi insanların sağlam yaşaması və ölkəmizə layiqli vətəndaş olması istiqamətində də çox mühüm tədbirlər həyata keçirib. Azərbaycanın hər bölgəsində ən müasir tibbi-texniki avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri fəaliyyət göstərir ki, bu da məhz xalqımızın sağlam yaşaması naminədir. Qeyd edilib ki, Yevlax səhiyyəsinin işçiləri hər zaman cənab Prezidentin Dəmir Yumruğu ətrafında sıx birləşərək, C.Qafqazın ən güclü siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının üzvü olduqlarına görə böyük qürur hissi keçirir.
Konfransda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatındakı fəallığına və səhiyyə sahəsindəki xidmətlərinə görə bir qrup şəxsə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları təqdim olunub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin yaratdığı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olunmuş bir qrup tibb işçisinə partiya vəsiqələri təqdim olunub.
Təltif olunanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlər göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə minnətdarlıq hissini ifadə edərək, vurğulayıblar ki, hər zaman dahi Heydər Əliyev siyasətinə sədaqət nümayiş etdirərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və ölkəmizin inkişafı naminə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.