“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Huquqi Şəxsin təşkilatçılığı ilə 244 nömrəli tam orta məktəbdə “Yol hərəkəti iştirakçılarının əsas vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırm aq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Cəmilə Qənbərova, 244 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Sadıqova, müəllimlər və 150-dən çox şagird iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, uşaqlara yol hərəkəti qaydalarına aid suallar verilib.
Tədbir zamanı uşaqlar tərəfindən mövzu ilə bağlı “Nənə və yol polisi”, “Velosipedçi dovşan” adlı səhnəciklər nümayiş etdirilib, hərəkət iştirakçılarına müraciətlər olunub, fəal uşaqlara “Təşəkkürnamə” təqdim olunub.
Sonda 244 nömrəli tam orta məktəbin rəhbərliyi və valideynlər tədbirin təşkilatçılarına təşəkkürünü bildiriblər.