Yuxunu idarə edən qurğu ixtira olundubackend

Alimlər yuxugörmənin “mövzularını dəyişən” qurğu hazırlayıblar.

“Yeni Gündəm” xəbər verir ki, bunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) elm adamları ixtira ediblər.

Məlumata görə, sistemin əsası sensorlu əlcəkdir. Bu əlcək əzələ, ürəkdöyüntüsü və istifadəçinin digər parametrlərini izləyir. Sensor insanın hipnaqogiya (oyaqlıqla yuxu arası) durumuna keçdiyini hiss edər-etməz əlcək qoşulu olduğu modula bildiriş göndərəcək. Əgər insan o an hansısa sözü duyarsa, həmin sözü əks etdirən canlı yaxud əşya onun yuxusuna girəcək.

Texnologiya 50 könüllü üzərində sınaqdan keçirilib və təcrübə uğurlu olub. Könüllülər həqiqətən də yuxuya getmədən öncə eşitdikləri sözü röyalarında görüblər.

Araşdırmaçılar paralel olaraq səslə deyil, qoxu ilə yuxuya “mövzu verməyi” icad etməyə çalışırlar. Məsələn, kabusdan əziyyət çəkən insanları diffuzor vasitəsilə lavand ətirilə havalandırmaq tövsiyə edilir. Həmçinin insanın müəyyən xatirələri ilə əlaqəsi olan qoxuları da istifadə etmək mümkün olacaq. Bundan başqa, bu metodun tətbiq edilməsi istifadəçinin oyanma ehtimalını da azaldacaq.