Dekabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov N hərbi hissəsini ziyarət edərək burada Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə yeni inşa edilən hərbi obyektə baxış keçirib və aparılan tikinti-quruculuq işləri ilə tanış olub.
Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məruzə edilib ki, yeni istifadəyə verilən binada əsgər yataqxanası, konfrans zalı, silah, məişət, ideoloji və digər xidməti otaqlar, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Burada mərkəzi istilik və yanğın təhlükəsizlik sistemləri quraşdırılıb.
Sonra maddi-texniki təminat üzrə zabitlərlə görüşən general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Ordumuzun günü-gündən qüdrətlənməsindən, hərbi qulluqçuların maddi-texniki təminat və təchizatının hər zaman diqqət mərkəzində olmasından danışıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında ordumuzun maddi-texniki təminatının yüksək səviyyədə olmasının qazanılan şanlı qələbədə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Ordusunda digər sahələrdə olduğu kimi maddi-texniki təminat sahəsində də görülən tədbirlərin, xüsusilə azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin aparılmasının yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara xidmətlərində uğurlar arzulayıb.
Daha sonra yeni alınan avtomobil texnikası, eləcə də xüsusi texnika və avadanlıqlar general-polkovnik Z.Həsənova təqdim olunub.
Müdafiə naziri sürücü heyəti ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.