Zakir Həsənov “Qaraheybət” Təlim Mərkəzinə getdibackend

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində olub.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nun dinləyicilərinin tank direktrisasında təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb.

Məruzə edilib ki, burada müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq dinləyicilərə tankların və döyüş maşınlarının yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Sonra nazir müasir texnologiyadan istifadə olunmaqla atəşin idarə edilməsi üzrə məşqlərin icra edildiyi simulyasiya mərkəzinə baxış keçirib. Burada hərbi qulluqçuların minaatan qurğularından praktiki atışları nümayiş etdirilib.

Təlim mərkəzinin ərazisindəki atış şəhərciyinə gələn general-polkovnik Z.Həsənov hərbi qulluqçuların atıcı silahlardan və qumbaraatanlardan atış çalışmalarının icrasını izləyib.

Hərbi qulluqçuların müxtəlif döyüş maşınlarından sürücülük və atəş açma qabiliyyətinin təkmilləşdirilməsi üçün sürücülük və atış trenajorları sinifinə baxış keçirilib.

Xüsusi texniki avadanlıqlarla təchiz edilmiş kompüter dəstəkli atış şəhərciyində olan müdafiə nazirinə məruzə edilib ki, burada dinləyicilərə düzgün nişanalma qaydaları və atış üsulları virtual trenajorlar üzərində öyrədilir.

Daha sonra general-polkovnik Z.Həsənov döyüş maşınları və artilleriya qurğuları sinifinə gəlib. Bildirilib ki, burada müxtəlif növ artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, eləcə də onlardan istifadə qaydaları tədris olunur.

Müdafiə nazirinə məruzə olunub ki, ümumilikdə mərkəzdə hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ixtisasçı mütəxəssislər tərəfindən tədris zamanı Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələr nəzərə alınır.

Sonra nazir kurs iştirakçıları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda, xüsusilə də hərbi təhsil sahəsində aparılan islahatlar nəticəsində görülən işlər barədə danışıb.

General-polkovnik Z.Həsənov dinləyicilərin daima bilik və bacarıqlarının artırılması, peşəkar zabit kadrları kimi yetişməsi üçün onlara öz tövsiyələrini çatdırıb. Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.

Sonda müdafiə naziri dərslərin daha keyfiyyətli təşkili və keçirilməsi məqsədilə Milli Müdafiə Universitetinin rəhbər heyəti qarşısında konkret tapşırıqlar qoyub.