Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aprelin 28-də Tovuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Yeni Gundem” xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sədr Zaur Mikayılov vətəndaşlarla görüş zamanı dövlət başçısının meliorasiyanın inkişafı ilə bağlı imzaladığı sərəncamların və verdiyi tapşırıqların aqrar sahənin inkişafına, xüsusən fermerlərin rifah halının yaxşılaşdırılmasına təkan verəcəyini vurğulayıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.