Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.
Bu gün Zəngilanın işğaldan azad olunmasından 4 il ötür. Zəngilanlılar 28 ildən sonra öz doğma yurdlarına qovuşdular.
Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlayıb. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis etmişdir. Həmin sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub” və bu gün Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni-yeni perspektivlər vəd edir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyat öz axarı ilə davam edir, Azərbaycan övladı yenidən o torpaqlarda həyata göz açır.
Əminəm ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və orada həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələri və nailiyyətləri ulu öndərin layiqli davamçısı, cənab prezident İlham Əliyevə borcluyuq.