Heç kimə sirr deyil ki, bir çox ölkələrə öz siyasi iradəsini sırımağa çalışan Qərbin aparıcı ölkələrində ümumi siyasi və mənəvi atmosfer ürəkaçan deyil. İdeoloji müflisləşməyə məruz qalan “Qoca qitə” düşdüyü təhlükəli vəziyyətdən çıxmağa çalışır, ancaq bunu edərkən daha kobud geosiyasi səhvlərə yol verir. Məhz mövcud reallıqdan çıxış edərək cənab Prezident birmənalı şəkildə aparıcı Qərb ölkələrinin siyasi və mənəvi böhranla üzləşdiyini vurğuladı. Dövlət başçısı bu qiymətləndirmədə tək olmadığını, Qərbdə yaranmış vəziyyətin aparıcı dövlət liderləri tərəfindən də tənqid edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu tənqidin ədalətli olduğunu xüsusilə vurğuladı, ona görə ki, Qərb sistemi özünü tükəndirmişdir. Bu tükənmə özünü demək olar ki, bütün sahələrdə göstərir. Yeni müstəmləkəçilik siyasətinin davam etdirilməsi də buna sübutdur.Azərbaycan uzun illər davam edən erməni separatçılığının kökünü kəsdi. 44 günlük müharibədə otuz illik erməni işğalına son qoydu. Bütün vəhşiliklərinə baxmayaraq rəsmi Bakı ermənilərə sülh gündəmini təklif etdi. Ancaq Azərbaycanın xeyirxahlığından istifadə edən Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək, Bakının haqlı tələblərini qəbul etməyə tələsmir. Regionu öz geosiyasi ambisiyalarına tabe etdirmək istəyən Qərbin bəzi ölkələrinin hərbi və maliyyə yardımını alaraq sürətlə silahlanma yolunu tutan rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini reviziya etməyə can atır. Son zamanlar isə Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsi erməni faşizminin hələ də “diri” olduğunu göstərir. Əlbəttə, belə bir hal Azərbaycanı narahat etməyə bilməz. Buna görə də, Prezident İlham Əliyev bir daha Ermənistana aydın şəkildə sərt mesaj ünvanlandı: Azərbaycanın səbrilə oynamayın və erməni faşizmi məhv edilməlidir! Dünyanın bir çox mətbuat orqanlarında da geniş yer verilən bu mesajlara ermənilərin diqqətlə qulaq asmaları zəruridir. Prezidentin bəyan etdiyi kimi, əks təqdirdə, Azərbaycanın özü erməni faşizminə son qoyacaq! Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasının vacibliyinə toxunan dövlətimizin başçısının fikri qətidir, Zəngəzur dəhlizi açılmalıdır! Ölkəmizin ərazi bütövlüyünün tək təminatçısı olan Prezident İlham Əliyevin ən böyük gücü xalqa bağlıdır. Onun yürütdüyü siyasət bütöv bir xalqın istəyidir və bu siyasətin arxasında xalq dayanır.
Dövlət başçısı 7 yanvar 2025-ci ildə yerli televiziya kanallaına olan müsahibəsində bildirmişdir ki;
“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”
Həmidə Həsənova
Bakı Qızlar Universitetinin tələbəsi
Nəsimi rayon gənci