2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-təhlükəsizlik strategiyası öz hədəfinə çatdı və əsas mərhələsini yekunlaşdırdı. Həmin tarixdən yeni dönəm başladı. İndi paralel şəkildə həm azad olunmuş ərazilərin bərpası və quruculuğu həyata keçirilir, həm də yeni reallıqlar əsasında bölgənin möhkəm təhlükəsizlik və inkişaf sistemi formalaşdırılır. Eyni zamanda dayanaqlı sülhün əldə olunması məqsədilə qlobal platformada həssas və çevik diplomatik mübarizə aparılır. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik məharəti və milli maraqlara əsaslanan prinsipial siyasəti nəticəsində bu mərhələlərdə də mühüm nailiyyətlər qazanılmışdır.
“Yeni Gundem” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alır.
Sabiq daxili işlər naziri vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə “dondurulmuş” sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı.
“Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir. Onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib. Yəni münaqişə yalnız Azərbaycana və Ermənistana, yaxud Qafqaza aid ziddiyyətlər və maraqların kəsişdiyi, bəzən də toqquşduğu məkan deyildi. Açıq deməliyik, bölgədə maraqları olan bəzi fövqəldövlətlər, hətta transmilli şirkətlər belə bu problem ətrafında öz mənfəətlərini müəyyənləşdirir, iqtisadi və siyasi qazanclarını güdürdülər. Bu baxımdan da, cənab Prezidentin qeyd etdiyi kimi, uzun onilliklər boyu bu qüvvələr danışıqlar prosesinə töhfə vermək əvəzinə, onun həllini qəsdən yubadır, süni maneələr yaradırdılar. Müzəffər Komandan bütün bu kimi məkrli oyunları da öz qətiyyəti ilə bir daha pozdu. Münaqişənin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir. Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır. Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir. Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin – Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun köməyi ilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də Ulu Öndərin əbədiyaşar ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr yenidən cənnətə çevriləcək bu bölgələrin həyatında böyük canlanma yaradacaqdır. Azərbaycan qüdrətli, nüfuzlu dövlətdir. Bu gücü təmin edən faktor Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin uğurla davam etdirilməsi və cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın bu müdrik siyasətə inamı və etimadıdır. Cəmiyyətdə Heydər Əliyev ideyalarına sarsılmaz sədaqət, öz dövlətinə, onun qüdrətli Liderinə tam etimad və dəstək sabahın daha uğurlu olacağına böyük əminlik yaradır. Bunlar isə ölkənin etibarlı təhlükəsizliyinin və davamlı inkişafının əsas şərtləri, möhkəm təməlləridir. 100-cü ildönümünü böyük rəğbət və minnətdarlıqla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevə ümumxalq sevgisinin ən dolğun təzahürü və rəmzi isə Şuşada dalğalanan Azərbaycan bayrağıdır. Təkcə bu ilimiz deyil, elə əsrimiz də Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev əsridir”,- deyə o qeyd edib.
Fərahim Rəhimov