“Zəngəzur” futbol klubu yaradıla bilər, “İrəvan” futbol klubu isə varbackend

“Zəngəzur” futbol klubu yaradıla bilər və yaradılmalıdır. Biz Qərbi Azərbaycan torpaqlarına başqa bir ölkənin ərazisi kimi baxmaq düşüncəsindən qurtulmalıyıq. O torpaqlar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və o ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb”.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Deputat qeyd edib ki, Qərbi Azərbaycanın da özünün futbol klubu olmalıdır: “Bu gün müxtəlif bölgələrimizin futbol klubları var, Qərbi Azərbaycanın da futbol klubları niyə olmasın? Məsələn, “Zəngəzur” futbol klubu, “Dərələyəz” futbol klubu, “Göyçə” futbol Klubu, “Ağbaba” futbol klubu və s. Bu klublar olmalıdır və onlara bərabər səviyyədə şərait yaradılmalıdır. Hələ onlara bir az da artıq şərait yaradılmalıdır. Çünki bu, təkcə idman məsələsi deyil, həm də siyasi, ideoloji məsələdir”.

Ə.Ələkbərli xatırladıb ki, hazırda Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılan “İrəvan” futbol klubu fəaliyyət göstərir:

“Bu klub Azərbaycan Region Liqasında uğurlu çıxış edir. Amma Bakıda kifayət qədər stadion olsa da, “İrəvan” klubuna həftədə bir-iki dəfə məşq eləmək üçün nə Gənclər və İdman Nazirliyi, nə də AFFA bir stadion tapa bilir. Stadion var, amma külli miqdarda icarə haqqı tələb edilir. Əgər ortada Azərbaycan xalqının milli maraqları varsa, belə yerdə axar sular durmalıdır, hər kəs əlindən gələn dəstəyi göstərməlidir. Hər hansı stadion həftədə cəmi bir dəfə 2-3 saatlıq gəlirindən imtina etməklə kasıb düşməz. Bu mübarizə Vətən uğrunda mübarizədir, bu mübarizəyə pul kisəsindən baxanlar millətin üz qarasıdır.

 

Qərbi Azərbaycan İcmasının dəstək verdiyi daha bir idman klubu – İrəvan İdman Klubu Göygöl rayonunda fəaliyyət göstərir və bu klubun da idman aləmində xeyli uğurları var. Hesab edirəm ki, müvafiq qurumlar belə idman klublarının sayını artırmalı və dünya çempionatlarında çıxış etmələri üçün onlara hər cür şərait yaratmalıdırlar”