24-25 iyun 2024-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi. Aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olundu.
“Yeni Gundem” xəbər verir ki, aksiya çərçivəsində 250-dan çox pasiyent müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin olundu.
Tibbi aksiyanın əsas məqsədi Gədəbəy rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir.
2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Əliyeva Tərlan və dr. Həsənzadə Lamiyə tərəfindən həyata keçirildi.
Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri t.ü.f.d. Abdıyeva Yazgül, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçisi Qurbanova Leyla və Səyyar Klinikanın sürücüsü Nəsirov Vasif iştirak etdi.