Zorakılıq- bir tərəfin qarşı tərəfi əzməsidir:Musa Qasımzadəbackend

MƏİŞƏT ZORAKILIĞI
Zorakılıq- bir tərəfin qarşı tərəfi əzməsidir. Bu psixoloji, reproduktiv, mənəvi və yaxud da iqtisadi ola bilər. Bir tərəf qarşı tərəfə zor tətbiq etməklə onun üzərində hakimliyini təsdiqləyir. Əslində isə zorakılıq tətbiq edən tərəf zəifdir. Ona tabe olan tərəf isə ondan da zəifdir.
Zorakılıq dedikdə insanların çoxunun ağlına yalnız döymək, xəsarət yetirmək gəlir. Amma zorakılıq təkcə bununla kifayətlənmir. Zorakılığın ən ağır növü isə psixoloji və mənəvi zorakılıqdır. Fiziki zorakılığın izləri bir müddətə keçsə də, psizoloji və mənəvi zorakılıq həyatımızda dərin izlər qoyur ki, bu da gələcək həyatımıza bilavasitə mənfi təsir edir.
Zorakılıq halları və növləri zaman keçdikcə daha da artıq. Məsələn, əvvəllər psixoloji zorakılıq ümumi götürülürdüsə, indi isə mənəvi və psixoloji zorakılıq ayrılıbdır.
Mənəvi zorakılıq- qarşı tərəfin həyatını, daxili dünyasını, arzularını məhv etmək kimi səciyyələnir Psixoloji zorakılıq isə qarşı tərəfin əsəblərinə, fikirlərinə təsir etmək. Bəzən isə onu dəlilik, özünəqəsd dərəcəsinə çatdırmaqdır.
Zorakılığın daha bir növü isə iqtisadi zorakılıqdır. O isə qarşı tərəfin maddi imkanlarını məhdudlaşdırmaq, onun pulunu əlindən almaq və yaxud pul qazanmasına əngəl olmaqdır. Zorakılığın bu növünə ən çox qadınlar məruz qalır. “Qadının pulu olmaz” və “qadın kişidən asılı olmalıdır” fikirlərini əsas tutaraq kişilər qadınlara zoralığın bu növünü tətbiq edir.
Çox təəssüflər olsun ki, cəmiyyətdə yaşayan insanların çoxu zorakılığın nə olduğunu bilmir. Və yaxud da yalnız zorakılığın döyməklə kifayətləndiyini zənn edir. Zorakılığa məruz qalan insanların çoxu isə zorakılığa məruz qalmasından xəbərsizdir.
Bu mövzuda statistikaya baxsaq görərik ki, digər ölkələrdə, habelə inkişaf etmiş ölkələrdə belə vəziyyət kritikdir. Belə ki, ABŞ-da gündə 11 qadın döyülür. Qazaxıstanda 3 qadından 1-i döyülür, Azərbaycanda isə 6 qadından 1-i döyülür. Zorakılıq tətbiq edənlərin 80%-i isə kişilərdir.
Belə bir sualla qarşılaşırıq ki, niyə görə daha çox qadınlar zorakılığa məruz qalır?
Bu suala öz baxış açımdan cavab verəcəm. Demək olar ki, cəmiyyətdəki qadınların çoxu, əsasən də zorakılığın qurbanı olan qadınların çoxu evdar qadınlardır və onlar cəmiyyətdən təcrid olunurlar. Belə qadınları isə əzmək daha asandır.
Zorakılığın ən çox baş qaldırdığı məqamlardan biri isə erkən nikahlardır. Faktdır ki, erkən nikaha daxil olan gənclərin, əsasən də qızların təhsili olmur. Azyaşlı olurlar. Digər ailə quran qızlara nisbətən iradələri zəif olur. Belə olduğu halda da onları əzmək və onlar üzərində hakimiyyət əldə etmək o qədər də çətin olmur.
Mənim düşüncəmə görə zorakılıq hallarının artması təkcə maarifin az olmasından irəli gəlmir. Burada iradə də böyük rol oyanır. İradəsi olmayan, amma savadı olan, öz hüquqlarını bilən biri zorakılığa etiraz edə bilməyəcək. Bunun üçün iradə və mənəvi güc lazımdır.
Bəs niyə zorakılığı tətbiq edənlərin çoxu kişilərdir?
300 nəfər qadın arasında keçirilən sorğuda 79% qadın bunu kişilərin xarakteri ilə əlaqələndirir. Mən daha bir səbəbi də nəzirinə çatdırmaq istəyirəm. Bəzən kişilərin zorakılıq tətbiq etməsinin səbəbi məhz qadınlardır. Qadınların əks cinsin nümayəndələrini daha çox sıxması, onlara mənəvi və psixoloji zorakılıq tətbiq etməsi kişilərin onlara qarşı zorakılığına gətirib çıxarır.
Sözün düzünü uşaqdan soruş deyiblər. Kiçik uşaqlar arasında keçirilən sorğuda isə uşaqlar atalarının dava etməsini, anasına şiddət tətbiq etməsini onların evə içkili vəziyyətdə gəlməsi ilə izah edirlər. Deməli, zorakılıq hallarında zərərli vərdişlərin də rolu az deyil.
Zorakılığın fəsadlarını isə ən çox qadınlar və uşaqlar çəkir. Zorakılığa məruz qalan qadınlar bəzən əsəbini övladından çıxır. Belə olduğu halda o da uşağa zorakılıq tətbiq edir. Təcrübələr göstərmişdir ki, zorakılıq görən uşaqlar böyüdükcə ailəsində ya atasından yaxşı ata olmaq istəyir, ya da ki, zorakılıq görən anasını həyat yoldaşından həddən artıq üstün tutur və həyat yoldaşını hər dəfəsində əzir.

Reproduktiv zorakılıq isə çox insanın bilmədiyi və xəbərsiz olduğu zorakılıq növüdür. Amma demək olar ki, bu zorakılıq növünə çox qadın məruz qalır. Reproduktiv zorakılıq isə qadınların məcburi şəkildə hamilə qalmasıdır. Bəzən isə bu məhz oğlan övladı dünyaya gətirmək naminə olur.
Ətrafımızda qadının qadına zorakılıq tətbiq etdiyi hallarla da qarşılaşırıq. Bunu ən çox qaynana, baldız-gəlin, ana-qız münasibətlərində görürük. Mən isə bunu yenə kişilərlə əlaqələndirirəm. Əgər ailədə kişi bu məsələlərə laqeyd yanaşsa o zaman qaynana, baldız-gəlin münasibətləri kəskinləşəcək və zorakılıq halına gətirib çıxaracaq.
Zorakılığın mənfi təsirləri olduğu kimi müsbət təsirləri də olur. Məsələn, valideynin övlada qoyduğu telefonla çox oynamaq qadağası da bir növ zorakılıqdır. Amma bunun gələcəkdə uşaq üçün müsbət tərəfləri olacaq. Amma o demək deyil ki, övlada olunan bütün zorakılıq və məhdudiyyətlər ona gələcəkdə müsbət təsir göstərəcək. Ailədə uşağa şəxsiyyət kimi baxılmalıdır. Onu döyməklə tərbiyələndirmək, qətiyyən yol verilməzdir.
Bəs zorakılıq hallarında hara müraciət etmək lazımdır?
Çox zaman insanlar elə bilir ki, ailəsində zorakılıq olduqda, nəsə problem olduqda qonşuya və yaxud da hər hansı bir qohuma qaçmaq lazımdır. Unutmayın ki, onlar katalizator rolunu oynayırlar. Bəzən situasiyanın üzərinə benzin töküb qığılcımdan alov yaradırlar. Onların əvəzinə psixoloqdan dəstək ala bilərsiniz. Həmçinin zorakılıqla bağlı polisə müraciət edə bilərsiniz.
Bəs, zoraklığın qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?
İlk öncə əhalinin düşüncəsini dəyişdirmək lazımdır. Qadınlardan arzuladığı kişi obrazını soruşanda hamı “dəmir əlli”, güclü, enli sinəli- deyə cavab verir. Amma onlar düşünmürlər ki, dəmir əllər nə vaxtsa onun başına dəyə bilər. Həm də “dəmir əlli” kişi güclü deyil, ən zəif kişidir. Çünki çarəni yalnız vurmaqda, yıxmaqda görür. Qızların çoxu ona məhdudiyyət qoyan kişiləri sevir. Səbəbi isə maraqlıdır. Belə ki, onlar düşünürlər ki, ona məhdudiyyət qoyan kişi onu daha çox sevir və diqqət ayırır. Məhdudiyyət qoymayan isə onu sevmir. Biz bu fikirləri dəyişməliyik. Zorakılığın nə olduğunu mənimsətməliyik insanlara. Daha sonra isə zorakılığa məruz qalan özü özünə bu diaqnozu qoya bilməlidir.
Qadınlarla daha çox işlənməlidir. Kəndlərdə və bəzi rayonlarda psixoloji mərkəzlər açılmalıdır. Mümkün qədər ödənişsiz olmalıdır. İnanın ki, indi psixoloq yanına gedən insanların düşüncəsində “sağalmaqdan” çox, pulu necə düzəldib verəcəm fikri var.
Televiziyada məhz ailə məsələlərinə, zorakılıq məsələrinə düzgün toxuna bilən sosial verilişlər açılmalıdır. İndiki verilişlərdə qadınlar ora çıxarılır və aparıcı, ekspertlər tərəfindən əzilir. Onu izləyən digər qadın isə verilişə çıxmaqdan, öz dərdini danışmaqdan çəkinir. Qadını əzmək olmaz, onu müdafiə etmək lazımdır. Onlar yer üzünün mələkləridir.
Dünya praktikasınsan da nümunə götürülə bilər. Məsələn, ölkəmizdə ailə məhkəmələri fəaliyyət göstərsə məncə, daha yaxşı olar. Orada zorakılığa, şiddətə məruz qalan qadınlara diqqət göstərilsə, qorunmağına kömək göstərilsə daha effekriv nəticə almaq olar.
KİV bu sahədə böyük rol oynayır. Düşünün ki, hər gün televiziyada, internetdə dəhşətli qətl xəbərləri ilə üzləşirik. Və bunu oxuyan zorakılığa məruz qalan qadınlar özlərinə “şükür” edirlər. “Mənim ərim məni nə yaxşı ki, döyür, söyür. Evdən bayıra çıxmağa qoymur. Camaatın əri yoldaşını öldürür. Şükür mənim ərimə.” düşüncəsi ilə zorakılığa qollarını açır və bunu normal qarşılayır.
Məqaləmin əvvəllərində də qeyd etdiyim kimi, bu iş təkcə maariflənmə ilə bitmir. Qadınların iradəsi güclü olmalıdır. Unutmayın ki, biz demokratik bir ölkədə yaşayırıq. Heç kim kiməsə zor tətbiq edə, söyə, hüquqlarını tapdaya bilməz. Əks təqdirdə qanunlarımız qarşısında cavab verəcək.
Sən də onlardan biri olma! Zorakılığa yelkən açma!

Musa Qasımzadə