Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində 15 yaşlı piyadanın vurulduğu yolda sürət həddi endirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. Bundan başqa Goranboy rayon Yol Polisi əməkdaşları kənd sakinləri ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.
Qeyd edək ki, “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.