2018-ci ildə Azərbaycanda baş verəcək – Tarixi hadisələrbackend

Ötən il olduğu kimi, 2018-ci ildə də Azərbaycanda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Yenigundem”in Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.

28 mayda isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Yeni ildə ölkəmiz bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 5-9 iyun tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı keçiriləcək.

Bundan əlavə, Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, 27-29 aprel 2018-ci il tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun 2018-ci il tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası da 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.

27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb edəcək.

Bu il Azərbaycan, həmçinin bir sıra mühüm siyasi tədbirlərə ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 aprelində Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.

2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm hadisələrdən biri də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi olacaq.

88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq.
Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək.