Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərində 35 yaşlı keçmiş deputat Daniel Noboanın qalib gəldiyi təsdiqlənib. Səslərin 91,46 faizinin hesablandığı Ekvadorda ilkin nəticələrə görə, Milli Demokratiya Hərəkatının namizədi Noboa 52,28 faiz, solçu Xalq İnqilabının namizədi Luisa Qonzales isə 47,72 faiz səs toplayıb.
“Yeni Gundem” xəbər verir ki, Noboa qələbə nitqində sabahdan etibarən yeni Ekvador üçün çalışacaqlarını ifadə edərək, “Sabahdan yeni bir ümid başlayır və respublikanın yeni prezidenti Daniel Noboa sabahdan etibarən işə başlayır” deyib.
Nəticələr yekunlaşdıqdan sonra Qonzales məğlubiyyətini etiraf edərək, “Demokratiya qalib gəldi, səmimi təbriklərimizi çatdırırıq” deyib.
Milli Seçki Şurasının (CNE) prezidenti Diana Atamaint də seçki qutularının 90 faizindən çoxunun açıldığını və Noboanın seçkiləri qabaqlayacağına əmin olduğunu bildirib.
Atamaint Ekvador vətəndaşlarını seçkilərə göstərilən marağa görə təbrik edərək, “Bu gün demokratiya qalib gəldi. Bu gün Ekvador qalib gəldi” deyə vurğulayıb.
Son aylarda görünməmiş bir təhlükəsizlik böhranı ilə üzləşən hakimiyyət seçki təhlükəsizliyi üçün əsgər və polis də daxil olmaqla təxminən 100 min adamı təyin edib.
Seçkiləri izləmək üçün 300 beynəlxalq müşahidəçinin iştirak etdiyi bildirilib.
Mənbə: TrtHaber
Aynur Camal