43 şəhərdə immiqrasiya qanununa etiraz edildibackend

Fransanın 43 şəhərində immiqrasiya siyasətini sərtləşdirən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Qanun ailə üzvlərini Fransaya gətirən və sosial yardım alan mühacirlərə müəyyən şərtlər qoyur.

 Fransada müzakirələrə səbəb olan immiqrasiya siyasətinin sərtləşdirilməsini şərtləndirən qanunun geri götürülməsi üçün 400 müxtəlif qeyri-hökumət təşkilatının təşəbbüsü ilə paytaxt Paris başda olmaqla 43 şəhərdə etiraz aksiyaları keçirilib. Paytaxt Parisin Respublika meydanına toplaşan nümayişçilər sözügedən qanunun tamamilə geri götürülməsini tələb edərək, tez-tez “İmmiqrasiya qanunu, irqçi qanun”, “Biz bunu istəmirik” və “Bu qanunla mübarizə aparacağıq” kimi şüarlar səsləndiriblər.

 Etirazın simvolu ölkəyə qeyri-qanuni yollarla gələn mühacirlərin istifadə etdiyi rezin qayıq olub, nümayişçilər əllərində “Fransaya işləmək üçün gəlmişik”, “Biz cinayətkar deyilik”, “Bu qanun irqçidir” kimi şüarlar yazılmış lövhələr tutub. “Bizi cinayət məsuliyyətinə cəlb etmək üçün nəzərdə tutulmuş qanun” və “Qanuna yenidən baxılmaqla deyil, bütünlüklə geri götürülməlidir” sözləri ilə “Biz onun ləğvini tələb edirik” yazılı plakatlar qaldırıblar.

 Qanun ailə üzvlərini Fransaya gətirən və sosial yardım alan mühacirlərə müəyyən şərtlər qoyur. Qanuna görə, ölkəyə gələn və işi olan əcnəbilər gəldikdən 30 ay sonra, işi olmayanlar isə 5 ildən sonra ailə müavinətini ala biləcəklər. Qanun çərçivəsində immiqrantlar üçün ailə üzvlərini Fransaya gətirmək çətinləşsə də, Fransada doğulan əcnəbi ailələrin uşaqları birbaşa vətəndaşlıq ala bilməyəcək, 16-18 yaş arasında vətəndaşlıq üçün müraciət etməli olacaqlar. Bundan əlavə, cinayət törədən ikili vətəndaşlar Fransa vətəndaşlığından məhrum edilə bilər.

Mübahisəli qanun ötən il dekabrın 20-də Senatdan sonra Milli Assambleyada 186 “xeyr” səsinə qarşı 349 “hə” səsi ilə qəbul edilib. Konstitusiya Şurası mətnin prosessual uyğunluğu barədə yanvarın 25-də qərar verəcək.

Mənbə: hurriyyət.tr

Aynur Camal