Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ilkin məlumatlara görə, 111 nəfər həyatını itirib.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu barədə Çin agentliyi məlumat yayıb.
İlkin hesablamalara görə, Qansu əyalətində zəlzələ nəticəsində 100 nəfər, qonşu Çinxay əyalətində isə 11 nəfər ölüb. İki əyalətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 96, Çinhayda isə 124 nəfər yaralanıb. Bundan başqa, ətraf yaşayış məntəqələrində su və elektrik şəbəkələrinə, nəqliyyat infrastrukturuna və kommunikasiya şəbəkələrinə ziyan dəyib.
Xilasetmə işləri üçün bölgəyə yerli yanğınsöndürmə briqadası və təbii fəlakət bölmələrindən 580 nəfərlik qrup göndərilib.
Çin prezidenti Xi Jinping təcili axtarış-xilasetmə işlərinə çağırıb və zəlzələdən zərər çəkmiş vətəndaşların həyat və mallarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsinə göstəriş verib.
Hadisə şahidləri bildirirlər ki, zəlzələdən sonra rayonda bir çox evlərə, yollara və infrastruktura ziyan dəyib, rayonun bir çox kəndlərində işıq və su təchizatında fasilələr yaranıb. Yerli meteoroloji qurumlar bu gün bölgədə temperaturun mənfi 10 dərəcəyə enəcəyini proqnozlaşdırır.
Himalay dağlarının uzantısında geniş qırılma xəttində yerləşən bölgə Çində güclü zəlzələlərin tez-tez baş verdiyi yerlərdən biridir.
Bildirilib ki, 2022-ci ilin sentyabrında bölgənin cənubundakı Sıçuan əyalətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ən azı 93 nəfər ölüb.
2008-ci ildə Siçuan əyalətində baş verən 7,9 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olmuş və 90 minə yaxın insan həyatını itirmişdi.
Mənbə: TGRT
Aynur Camal