7 milyon insan evlərini tərk etdibackend

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, Sudanda davam edən müharibə 7 milyon insanı evlərini tərk etməyə məcbur edib.

Sudanda tərəflər ölkənin qərb və cənub-qərbində yerləşən 9 ştatda, eləcə də paytaxt Xartumda ağır silahlarla qarşıdurmanı davam etdirir.

Sudan hökumətinin beynəlxalq ictimaiyyəti “terror qruplaşması” kimi qəbul etməyə çağırdığı Sürətli Dəstək Qüvvələri (HDK) 15 apreldə başlayan vətəndaş müharibəsindən əvvəl sistemə inteqrasiyası hələ tamamlanmamış hərbi qüvvə idi.

Ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 10 mindən çox dinc sakin həyatını itirib, minlərlə insan isə yaralanıb.

Beynəlxalq atəşkəs və danışıqlar cəhdləri indiyədək tərəflərin qarşılıqlı pozuntu ittihamları və irəli sürülən şərtlərlə razılaşa bilməmələri səbəbindən uğursuzluğa düçar olub. Qrandi sosial media platforması X-də Sudandakı vətəndaş müharibəsi səbəbiylə məcburi köçkünlərlə bağlı yazı paylaşıb.

Sudandakı müharibənin hazırda 7 milyon insanı evlərini tərk etməyə məcbur etdiyini bildirən Qrandi, “Yeddi milyon qaçqın və köçkün. Dünya buna biganə qalır” deyib. Tərəflər sülh danışıqları çərçivəsində noyabrın 7-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gəlib.

Səudiyyə Ərəbistanı, ABŞ və Şərqi Afrikadakı Hökumətlərarası İnkişaf Təşkilatının rəhbərlik etdiyi danışıqlarda tərəflər humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və etimadın möhkəmləndirilməsi tədbirlərini həyata keçirmək üçün addımlar atmağı öhdələrinə götürüblər.

Mənbə: TGRT

Aynur Camal